AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Əcnəbilərin (Vətəndaşlığı olmayan şəxslərin) hüquq və vəzifələri

Oktyabr 24, 2021

Biz öz praktiki fəaliyyətimizdə tez-tez əcnəbilərin (vətəndaşlığı olmayan şəxslərin) hüquq və vəzifələri ilə bağlı suallarla qarşılaşırıq. Düşünürük ki, bu bloqumuz Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilərin (vətəndaşlığı olmayan şəxslərin) hüquq və vəzifələri ilə bağlı məlumatlanmaları baxımından faydalı olacaqdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti,  fəaliyyətinin növündən və xarakterindən  və  digər  hallardan  asılı  olmayaraq,  Azərbaycan  Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər, onların hüquqlarının təminatına Azərbaycan Respublikasının vətəndaşları ilə eyni səviyyədə təminat verilir.

Bütün bunlarla yanaşı olaraq Azərbaycan Respublikası Qanunvericliyinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı nəzərdə tutduğu müəyyən diqqətəlayiq nüansları və məhdudlaşdırmaları nəzərinizə çatdırırıq:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları Azərbaycan Respublikasının vətəndaşlarının hüquqlarına bərabər tutulmaqla onlardan sadəcə olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış icazələrinin (əmək fəaliyyəti ilə məşğul olmağı planlaşdıran şəxslər üçün isə əlavə olaraq “İş İcazələri”nin) olması tələb olunur.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan  Respublikası  ərazisində  yaşayan  və  ya  müvəqqəti  olan əcnəbilərin (vətəndaşlığı  olmayan  şəxslərin) hüquq  və  azadlıqları yalnız beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  nəzərdə  tutulmuş  hallar istisna  olmaqla,  əməkçi  miqrantlara  əmək  şəraiti  ilə  bağlı  Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq  edilir  və  onların  əməyinin  ödənilməsi  qanunvericiliklə  Azərbaycan Respublikasının  vətəndaşları  üçün  müəyyən  olunmuş  qaydada  həyata  keçirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Azərbaycan Respublikasının Əmək  Məcəlləsinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.

İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi almalıdırlar.

Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər bu Məcəllə ilə tənzimlənir.

İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsi:

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 12.1-ci maddəsində göstərilən tələblərə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

Seçki Məcəlləsinin 12.1-ci maddəsində göstərilən tələblərə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, yuxarıda qeyd olunan hallar istisna olmaqla əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (eləcə də xarici hüquqi şəxslər) Azərbaycan Respublikasında torpaq sahələrini satınalma hüququ olmadan yalnız icarəyə götürə bilərlər.

Nəzərə almaq lazımdır ki, bu məhdudlaşdırma sadəcə torpaq sahələrinə şamil olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (eləcə də xarici hüquqi şəxslər) torpaq sahələrindən başqa istənilən növ daşınmaz əmlaka mülkiyyət hüququ əldə etmək hüququna malikdirlər.

Bugünədək ACON komandası olaraq əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) üçün Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında nəzərdə tutulmuş hüquqların təmin olunmasında hüquqi müşayiətmiz uğurlu hüquqi nəticələrin əldə edilməsi ilə yekunlaşmışdır.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
× MESSAGE US!