AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Ailə Hüququ: Nikahın Bağlanması və Boşanma

İyun 3, 20220

Ailə cəmiyyətin əsas və təbii vahididir və o, dövlətin tam müdafiəsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin nikah hüququna təminat verir. Belə ki, Konstitusiyamızın 34-cü maddəsinin birinci müddəasına əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Azərbaycan ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr əsasən Ailə Məcəlləsində məcəllələşdirilmiş və qeyd olunmuşdur. İnanırıq ki, bu bloqumuz sizləri nikahın bağlanması və nikaha xitam verilməsi (boşanma) prosesləri barədə məlumatlandırmaqda faydalı olacaqdır.

I. Nikahın bağlanma qaydası və şərtləri

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Konstitusiyamızın 34-cü maddəsinin ikinci bəndində qeyd olunur ki, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

A. Nikahın bağlanma qaydası

Nikah Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və konsulluq idarəsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Nikah zamanı ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

B. Nikahın bağlanma şərtləri

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsionların nikah yaşına çatmaları zəruridir. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

  • yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
  • övladlığa götürənlər və övladlığa götürülənlər;
  • ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
  • tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
  • ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
C. Nikah müqaviləsi

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər.

D. Ər-arvadın hüquq və vəzifələri

Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

E. Uşaqların yaşayış yerinin müəyyən edilməsi

Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

II. Nikaha xitam verilməsi və Boşanma üçün əsaslar:

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.  Nikaha xitam verilməsi Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, qanunla nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.

A. İlkin mediasiya sessiyasında iştirak

Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:

  1. nikahın davam etdirilməsi şərtləri;
  2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
  3. uşağın yaşayış yerinin müəyyən edilməsi;
  4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
  5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
B. Nikahın məhkəmə qaydasında pozulması –  Boşanma

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

III. Boşanma zamanı əmlak bölgüsü necə baş verir?

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə:

  • onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
  • ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

Boşanma zamanı ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

IV. Valideynlərin və uşaqların aliment öhdəlikləri

Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

  • 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
  • 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
  • 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

V. Ailə qanunvericiliyinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətlərinə tətbiqi

Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəlləsinin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində qanunun tələblərinə uyğun olaraq bağlanır. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, nikahın bağlanmasına mane olan hallar olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

ACON Hüquq Firması olaraq müştərilərimizə boşanma prosesi ilə bağlı gərəkli vəkil xidmətləri təklif edir, onların maraqlarını məhkəmə qaydasında müdafiə edirik. Müştərilərimizin boşanma prosesi ilə bağlı (əmlak bölgüsü, uşağın kimin yanında qalmasının müəyyən olunması, aliment, uşağın ölkə xaricinə aparılması) hüquqlarının və mənafelərinin qorunması bizim üçün əsas prioritetdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.