Azərbaycan Respublikası ərazisində Daimi Yaşamaq üçün İcazə verilməsinə dair tələblər

Oktyabr 24, 2021

İnanırıq ki, bu bloqumuz Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinin hüquqi əsasları barədə sizləri məlumatlandırmaqla, suallarınızı aydınlaşdıracaqdır.

Kimlər Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə ala bilər?

Aşağıda qeyd olunmuş əsaslardan biri üzrə Azərbaycan Respublikası ərazisində fasiləsiz iki il müvəqqəti olaraq yaşamış əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) və onların ailə üzvləri Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə alınmasına dair müraciət edə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olan şəxslər;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olan şəxslər;
  • Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutan şəxslər;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan şəxslər;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
  • Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan şəxslər;
  • Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olan şəxslər;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğdə pul vəsaiti qoyan şəxslər;
  • İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan şəxslər;
  • Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olan şəxslər

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə dair əlavə tələblər:

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir və müvafiq əsaslar olduqda hər dəfə 5 il müddətinə uzadıla bilər.

Nəzərə alınmalı vacib nüanslardan biri ondan ibarətdir ki, Azərbaycan Respublikasında müvəqqi olaraq yaşayan və daimi yaşamaq üçün icazə almaq istəyən əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) və onların ailə üzvləri son iki il ərzində ölkə ərazisində fasiləsiz olaraq yaşamalıdırlar. Müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.

Yuxarıda qeyd etdiklərimizə əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə almaq istəyən şəxslərdən Azərbaycan dili biliklərinin, eləcə də hüquq və vəzifələri ilə bağlı biliklərinin olması tələb olunur. Bu növ biliklərin olması Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan birgə komissiya tərəfindən yoxlanılır. Nəzərə almaq lazımdır ki, yaşı 18-ə çatmayan və yaşı 65-dən çox olan şəxslər, eləcə də 1-ci dərəcəli əlilliyi olan şəxslərdən dil biliklərinin olması, eləcə də hüquq və vəzifələri ilə bağlı biliklərinin olması tələb olunmur.

Son olaraq nəzərə alaq ki, Daimi Yaşamaq üçün İcazə almağa dair müraciətlər müvəqqəti yaşamaq üçün icazənin müddətinin bitməsinə azı 3 ay qalmış edilməlidir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin verilməməsi (və ya daimi yaşamaq icazəsinin müddəti uzadılmaması)  və əvvəllər verilmiş icazənin ləğv edilməsi üçün əsaslar:

  • Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
  • Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
  • Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
  • Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə;
  • Qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
  • Özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə biləcək vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;
  • Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
  • Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
  • Daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal Miqrasiya Məcəlləsinin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir);
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması üçün əsas olmuş hallar aradan qalxdıqda;
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;
  • Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
  • Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Biz ACON olaraq sizlərə tövsiyə edirik ki, daimi yaşamaq üçün icazələrin alınması ilə bağlı hüquqi xidmətlərin icrasını yalnız bu sahədə müvafiq təcrübəyə malik olan peşəkar şəxslərə (şirkətlərə) həvalə edəsiniz. Peşəkar hüquqi xidmət almaq sizə hüquqi riskləri minimallaşdırmaq baxımından lazımdır.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.