Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı: Alqı-satqı, Kirayə və İcarə Məsələləri

May 30, 20220

Qanunvericiliyə görə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə göstərilən əsaslardan birinin olması yetərlidir. Bu əsaslarla daha yaxından tanış olmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa keçid edə bilərsiniz.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi aparır.

I. Daşınmaz əmlakın alqı-satqı, icarə və kirayəsi

Qeyd etdiyimiz kimi, daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinin bir neçə əsası mövcuddur. Həmin əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatının olmasıdır.

A. Daşınmaz əmlakın alqı-satqısı

Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

B. Daşınmaz əmlakın kirayəsi

Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Tərəflər bu müddəti qarşılıqlı razılıq əsasında müəyyən edirlər.

Alqı-satqı müqaviləsində olduğu kimi, kirayəyə verən öz daşınmaz əmlakını, yəni evi, binanı, mənzili, qurğunu və s. kirayəçinin istifadəsinə verə bilər. Qeyd edək ki, tərəflər arasındakı yaşayış sahəsinin kirayə verilməsi müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  • Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi;
  • Daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
  • Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı;
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış.

C. Daşınmaz əmlakın icarəyə verilməsi

Biz qeyd etdik ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün müəyyən edilmiş əsaslardan biri də daşınmaz əmlakın icarəsi ilə bağlıdır.

Mülki Məcəlləyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

İcarə müqaviləsinin təsdiqi üçün aşağıdakı sənədlər təqdim olunmalıdırI

  1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  2. Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi;
  3. Daşınmaz əmlakın icarəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
  4. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış.

D. İcarə yoxsa kirayə?

Bir çox hallarda vətəndaşlar əmlakın icarə və kirayəsi arasındakı fərqi başa düşməkdə çətinlik çəkirlər. Bu xüsusda qeyd etmək lazımdır ki, əmlakın kirayəsi zamanı kirayəçi ondan kommersiya məqsədləri üçün istifadə edə bilməz. Bundan fərqli olaraq, icarə müqaviləsində isə kirayəçinin icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da vardır.

II. Daşınmaz əmlakın alqı-satqı proseduru

Daşınmaz əmlak satılarkən aşağıdakı sənədlər tələb olunur:

  • Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  • Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış (Qeyd olunan arayış alqı-satqı zamanı notarius tərəfindən verilir);
  • Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi;
  • Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
  • Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.

Alqı-satqı zamanı daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün şəxslər ərizənin və ərizəyə əlavə olunan, siyahısı yuxarıda göstərilən sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edirlər. Bundan sonra qurum tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması aparılır. Bu zaman bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilir. Son olaraq, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi həyata keçirilir.

Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, yəni şəxsin özü və yaxud onun etibarnamə əsasında fəaliyyət göstərən nümayəndəsinin təqdim etdiyi ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

A. Alqı-satqı zamanı hüquqşünaslarla məsləhətləşməyin önəmi

Gündəlik həyatımızda tez-tez rastlaşdığımız məsələlərdən biri də məhz daşınmaz əmlakın alqı-satqısı zamanı dələduzluq və aldatma hallarının baş verməsi ilə bağlıdır. Belə ki, tikinti şirkətləri tərəfindən eyni mənzilin bir neçə nəfərə satılması artıq adi hala çevrilib. Məlum olduğu kimi, yaşayış binasına dair (daşınmaş əmlakın dövlət reyestrindən) çıxarışlar yalnız binanın təhvil-təslimindən sonra verilsə də, bəzi tikinti şirkətləri hələ binanın təməlini atarkən artıq mənzil satışına başlayırlar.

Qeyd olunan aldatma və dələduzluq hallarının qarşısının alınması, eləcə də əməliyyatların hüquqi cəhətdən düzgünlüyünü təmin etmək üçün peşəkarlardan yardım alınması mühüm əhəmiyyət kəsb edir.

 

ACON MMC olaraq Sizə daşınmaz əmlak üzərində müxtəlif hərəkətlərin – alqı-satqı, icarə, kirayə və s. həyata keçirilməsi barədə hüquqi yardım göstərməkdən məmnunluq duyarıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.