Dövlət Büdcəsinin Əsası: Vergilər və Ödəniş Şərtləri

İyun 7, 20220

Amerika Birləşmiş Ştatlarının tarixində “founding fathers”-lardan biri kimi tanınan Benjamin Franklin-in belə bir maraqlı deyimi vardır: “Bu dünyada ölüm və vergilərdən başqa heç bir şeyin qəti olduğunu söyləmək olmaz”. Bu sitatdan yola çıxaraq cari bloq yazısında vergilərin anlayışı və xüsusiyyətləri, növləri, ayrı-ayrı növlər üzrə vergi ödəyiciləri və s. barədə məlumat veriləcəkdir.

I. Vergi Nədir? Anlayışı və Əsas Xüsusiyyətləri

Vergi dedikdə dövlətin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən ödənişlər nəzərdə tutulur. Hər bir dövlətin varlığı vergilərdən asılıdır. Vergilər dövlət büdcəsinin gəlirlərini formalaşdıran əsas mənbədir. Dövlət büdcəsində toplanmış vəsaitlər hesabına elm, təhsil, səhiyyə, silahlı qüvvələr, hüquq mühafizə orqanları və s. kimi sahələrin inkişafına yönələn investisiyalar maliyyələşdirilir və ölkəmizdəki məşğulluq strategiyası müəyyən edilir.

Vergilər həmçinin əhalinin müxtəlif qruplarının gəlirlərini tənzimləməyə imkan verir. Yəni işləyən, gəlir əldə edən təbəqələrdən toplanan vergilər maddi dəstəyə və yardıma ehtiyacı olan təqaüdçülərə, əlillərə, tələbələrə, aztəminatlı və çoxuşaqlı ailələrə, eləcə də başqa kateqoriyalara aid vətəndaşlara sərf olunur. Vergilərin köməyi ilə dövlət iqtisadiyyata da təsir göstərə bilir, müxtəlif sahələrin inkişafına investisiya yönəldir.

A. Vergilərin əsas xüsusiyyətləri

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 11-ci maddəsində verginin anlayışı belə verilmişdir: “vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir”. Qanunvericilikdə verilmiş bu tərifdə vergilərin üç əsas xüsusiyyəti fərqləndirilmişdir. İlk olaraq, vergilər məcburi ödənişlərdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində qeyd olunur ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi əvəzsiz ödənişdir. Bu o deməkdir ki, rüsum və digər ödənişlərdən fərqli olaraq vergi sizə heç bir imtiyaz, hüquq və xidmət verilmədən götürülür. Başqa sözlə, siz vergini dövlət sizin üçün bir şey verdiyinə və ya etdiyinə görə deyil, sadəcə hər hansı bir şeyə sahib olduğunuza görə ödəyirsiniz. Məsələn, sizin bir əmlakınız varsa, bu əmlaka görə, gəliriniz varsa, bu gəlirinizə görə ayrı növ vergilər ödəyirsiniz.

B. Vergilərin müəyyən edilməsinin əsas şərtləri

Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:[1]

  • vergitutma obyekti – gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir;
  • vergitutma bazası – vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir;
  • vergi dövrü;
  • vergi dərəcəsi;
  • verginin hesablanması qaydası;
  • verginin ödənilməsi qaydası və müddəti.

Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.

II. Vergi Növləri: Sadələşdirilmiş, Mənfəət, Əlavə Dəyər, Gəlir Vergiləri

A. Mənfəət vergisi

Vergi ödəyicisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir. Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Rezident müəssisənin bütün gəlirləri, həmçinin onun Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikası hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Rezident müəssisənin göstərilənlərə uyğun olaraq hesablanmış mənfəəti vergitutma obyektidir.[2]

Qeyri-rezident müəssisənin Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyətdən əldə etdiyi mənfəətindən vergi ödəyir. Yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi bütün gəlirinin Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan mənfəəti vergiyə cəlb olunur.

Qeyri-rezident hüquqi şəxslərin daimi nümayəndəliyi ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən Vergilər Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyindən vergiyə cəlb olunur.

Azərbaycan Respublikasında Vergi məcəlləsinə uyğun olaraq, müəssisələrin fəaliyyəti nəticəsində əldə etdiyi xalis mənfəətdən ümumi qaydada 20% dərəcəsi ilə vergi tutulur.  Mikro bizneslərin təşviqi səbəbi ilə edilmiş güzəştlərə əsasən mikro bizneslərdə mənfəətin 5% dərəcəsi ilə vergi tutulur. Qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən ödəmə mənbəyindən tutulan vergi dərəcəsi ilə vergiyə cəlb olunur.

Mənfəət vergisinin hesablanması, ödənilməsi və faiz dərəcəsi barədə bu linkə keçid etməklə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://www.taxes.gov.az/uploads/2021/buklet/MENFV.pdf

(Həmçinin bax: https://www.taxes.gov.az/uploads/2017/PV_new/menfeet.pdf)

B. Sadələşdirilmiş vergi

Sadələşdirilmiş verginin ödəyiciləri kimlərdir?

  1. Avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər (könüllü ƏDV qeydiyyatına duran şəxslər istisna olmaqla);
  2. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
  3. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;
  4. Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;
  5. Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, vergini aylıq sabit dərəcə ilə və məcburi dövlət sosial sığorta haqqı ilə birlikdə ödəyən fiziki şəxslər.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

  1. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
  2. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

2.1. Bu şəxslər hər il aprel ayının 20-dən gec olmayaraq, “Sadələşdirilmiş verginin bəyannaməsi”ni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməlidir. Bu halda seçilən metodun təqvim ilinin sonunadək dəyişdirilməsi hüququ olmur.

2.2. Qeyd olunan müddətdə bəyannamə və ya yazılı məlumat təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.

2.3. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Sadələşdirilmiş verginin hesablanması və ödənilməsi qaydaları barədə bu linkə keçid etməklə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://www.taxes.gov.az/uploads/2021/buklet/SV.pdf

(Həmçinin bax: https://www.taxes.gov.az/uploads/2017/PV_new/sadeleshdirilmish.pdf)

 

C. Əlavə dəyər vergisi (ƏDV)

1992-ci ildən Azərbaycan Respublikasında tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) dolayı vergi olmaqla dövriyyədən vergini əvəz etmişdir. ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Kimlər ƏDV qeydiyyatından keçməlidir:

  • Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında), habelə bir əqd və ya müqavilə üzrə əməliyyatının ümumi dəyəri 200.000 manatdan çox olan;
  • Bina tikintisi fəaliyyəti ilə məşğul olan;
  • Birgə sahibkarlıq fəaliyyətinin iştirakçısının bir tərəfi ƏDV ödəyicisi olduqda, həmin fəaliyyətin uçotunu aparan;
  • Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçısı olan şəxslər məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

Könüllü olaraq da ƏDV qeydiyyatına alınmaq üçün müraciət edə bilərsiniz. Bunun üçün uçotda olduğunuz vergi orqanına könüllü olaraq “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında Ərizə” ilə müraciət edə bilərsiniz.

Malların (işlərin, xidmətlərin) təqdim olumasına tətbiq olunan vergi dərəcəsi 18 faiz təşkil edir. Bundan başqa, ƏDV-nin Vergi Məcəlləsinin 165-ci maddəsində təsbit olunan güzəştli 0 (sıfır) faiz dərəcəsi ilə tətbiq olunması və Vergi Məcəlləsinin 164-cü maddəsində təsbit olunan ƏDV-dən azad olunması halları da mövcuddur.

Əlavə Dəyər Vergisi haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://www.taxes.gov.az/uploads/2021/buklet/EDV.pdf

(Həmçinin bax: https://www.taxes.gov.az/uploads/2017/PV_new/EDV.pdf)

 

D. Gəlir vergisi

Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Rezident fiziki şəxslərin gəliri onun respublika daxilində və xaricində əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Gəlirlərə aşağıdakılar aiddir:

  • muzdlu işlə əlaqədar əldə edilən gəlir;
  • muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
  • vergidən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.

Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi (təqvim) ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.

Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri müəyyən dövr ərzində Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasında fərqdir.

Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.

Gəlir vergisi haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://www.taxes.gov.az/uploads/2022/bukletler/fizikishexslerinGV.pdf

(Həmçinin bax: https://www.taxes.gov.az/uploads/2017/PV_new/gelir.pdf)

 

III. E-taxes saytından istifadə qaydaları

Vergilər Nazirliyinin nəzdində müasir tipli Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılmış və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilmişdir. Asan SXM, “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə, Asan SXM, Mobil-İD Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“ASAN İmza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron İmza yaratma məlumatlarının fiziki daşıyıcısıdır. Bu texnologiyadan bəhrələnmək üçün istifadəçi, mobil operatordan ASAN İmza (Mobil İmza) SİM kartını əldə etməli və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzindən(ASXM) təkmil sertifikat alaraq ASAN İmza (Mobil İmza) xidmətini aktivləşdirməlidir. Bundan sonra o, onlayn xidmətlərə təhlükəsiz olaraq daxil ola bilər və sənədləri asanlıqla onlayn imzalayaraq Vergilər Nazirliyinə göndərə bilər. Sistemə daxil olmaq və sənədləri imzalamaq üçün Rəqəmsal İD kartından da istifadə etmək olar.

A. Onlayn kargüzarlıq

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi”ndə 01.03. 2010-cu il tarixdən vətəndaşların və vergi ödəyicilərinin vergi orqanlarına  onlayn rejimdə müraciət etmələri üçün Onlayn kargüzarlıq altsistemi yaradılmışdır. Bu sistem vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasını təmin edir.

Onlayn kargüzarlıq altsistemi Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) daxili kargüzarlıq sisteminə inteqrasiya olunmuşdur. Ona görə də istifadəçilər göndərdikləri sənədlərin vergi orqanı daxilində hərəkətini onlayn rejimində izləyə bilirlər və icraçının telefonunu sistemdən öyrənərək onunla birbaşa telefon əlaqəsi yaratmaq imkanına malik olurlar.

Sistem üzərindən göndərilən ixtiyari sənəd rəsmi statusa malikdir. Burada hər bir istifadəçi üçün “fərdi elektron qutu” (e-Qutu) ayrılmışdır. Vergi orqanlarından və digər ödəyicilərdən göndərilən və qəbul edilən sənədlər həmin e-Qutuda toplanılır. Vergi ödəyiciləri ilə vergi orqanları arasında e-Qutunun tətbiqi, ənənəvi üsul olan kağız daşiyıcılarında sənədlərin göndərilməsilə müqayisədə vaxt və resurs itkilərinin azalmasına səbəb olur. Vergi orqanları ilə e-Qutuya malik şəxslər arasında yazışmalar elektron formada aparılır (kağız daşıyıcısında göndərilməsi tələb olunan hallar istisna olunmaqla). Buna görə də mütəmadi olaraq “Onlayn kargüzarlıq” sistemi vasitəsilə e-Qutunun yoxlanılmasi vergi ödəyicilərinə tövsiyyə olunur.

Təlimatda sənəd dedikdə ərizə, şikayət, sorğu, təklif, təşəkkür, məktub və s. başa düşülür.

Sistemdən istifadə qaydaları və infoqrafiklərlə daha yaxından tanış olmaq üçün bu linkə keçid edin: https://www.e-taxes.gov.az/help/

ACON komandası olaraq yerli və xarici investorlara Azərbaycan Respublikasında biznes yaradarkən və ya investisiya edərkən vergi və mühasibatlıq sahəsində konsaltinq xidmətləri göstərməkdən məmnunluq duyarıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.