AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Məhkəmə Qərarlarının İcrası üçün Hüquqi Dəstək

İyul 9, 20220

Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün təməl şərtlərdən biri ədalətli məhkəmə qərarlarının qəbul edilməsidir. Lakin qərarın ədalətli olması hələ vətəndaşın hüquq və azadlıqlarının bərpası anlamına gəlmir. Belə ki, qərarın qəbul edilməsi qədər onun qanunun aliliyi, bərabərlik, obyektivlik, ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi də vacibdir və yalnız bu zaman vətəndaşın hüquqları tam bərpa edilmiş hesab olunur.

I. Məhkəmə Qərarlarının İcrası: İcraata Başlanılması və İcra Hərəkətlərinin Həyata Keçirilməsi Qaydası

Məhkəmə və digər orqanların qərarlarının icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tənzimlənir. Qanuna əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir və bu tələbləri yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Əgər qərarda pul vəsaitlərinin tutulmasına dair tələblər varsa, icra vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilir. Bəzi hallarda bu tələblər başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu zaman onlar məcburi icra orqanları sayılmır. Qərarda tələb pul vəsaitlərinin tutulmasına dair olduqda bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, tələbin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərməlidir. Həmin bank və ya digər kredit təşkilatı bu icra sənədini aldığı vaxtdan 7 gün müddətində pul vəsaitlərinin tutulmasına dair tələbi icra etməlidir. Borclunun hesablarında tələblərin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadıqda həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazılır. Bu tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunur.

A. İcra sənədləri üzrə icraata başlanılması 

İcra sənədləri icraya yönəldildikdən sonra icra hərəkətlərinin həyata keçirilməsinə başlanılır. Bu icra sənədlərinə aid edilir: Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri, məhkəmə əmrləri; alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; notariusun icra qeydləri; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarları; qanunvericilikliə ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri.

Bu icra sənədlərinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğundursa, icra məmuru sənədi məhkəmədən və ya digər orqandan qəbul etməli və 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Qərarda göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu 10 gün müddət təyin edilir və borcluya bildiriş verilir. Lakin məhkəmənin qərarında digər icra müddəti də müəyyən edilə bilər. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan 1 gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

B. İcra sənədinə aid tələblərin pozulmasının nəticələri

İcra sənədinin icraya yönəldilməsi üçün onun qanunveruciliklə nəzərdə tutulmuş tələblərə uyğun olması tələb edilir. Əgər sənəd bu tələblərə uyğun olmazsa, o, daxil olduğu vaxtdan ən geci 3 gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır və bu barədə müvafiq qərar qəbul edilir. Qərarın qəbul edildiyi vaxtdan 1 gün müddətində tələbkara məlumat verilir. Qərarda onun qaytarılması əsasları göstərilir, icra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Yol verilmiş pozuntular 3 gün müddətində aradan qaldırılmalı və həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir.

C. İcra hərəkətlərinin həyata keçirildiyi yer

Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur.

II. İcraata Xitam Verilməsinin Əsasları və Qaydası 

İcraata xitam verilməsi ilə proses yekunlaşır. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir:

  • məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə;
  • məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;
  • tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə;
  • icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə;
  • qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;
  • icra sənədi tam icra olunduqda.

İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. İcraata xitam verilməsi barədə qərar qəbul edildikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Əgər qərar daxil olduqdan sonra onun Qanunun tələblərinin pozulmaqla qəbul edilməsi müəyyən edilərsə, məhkəmə 10 gün müddətində həmin qərarı ləğv edir. Həmçinin tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qərar ləğv olunmadıqda, ondan şikayət verilmədikdə və ya şikayət təmin olunmadıqda isə bu barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir.

Acon komandası olaraq sizə hüquqi konsultasiya, həmçinin hüquqi mübahisələrin məhkəməyə qədər və məhkəmə qaydasında həlli ilə bağlı xidmətlər göstərməkdən məmnunluq duyarıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.