AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Müqavilələrin hazırlanması (tərtib olunması) ilə bağlı əsas məqamlar

Sentyabr 7, 20220

Məlumdur ki, iki və daha çox şəxs – tərəf arasındakı hər bir hüquqi münasibətin əsası onlar arasında bağlanmış müqavilə ilə qoyulur. Müqavilə fiziki şəxslər, şirkətlər, o cümlədən digər hüquqi şəxslər tərəfindən tərtib edilmiş, gələcəkdə bu cür şəxslər arasında yaranacaq münasibətləri müəyyən edən və tənzimləyən bir sıra şərt və müddəaları özündə ehtiva edən sənəddir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə mülki qanunvericiliyin başlıca prinsiplərindən biri də tərəflərin iradə sərbəstliyi, habelə müqavilə azadlığı prinsipidir. Məcəllə müəyyən edir ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Yuxarıda da qeyd edildiyi kimi, müqavilə tərtib etmək (hazırlamaq) dedikdə müqavilə tərəflərinin tələb və istəklərinə uyğun olaraq müvafiq bənd, şərt və müddəaların mərhələli şəkildə daxil edilməsi başa düşülür. Bu zaman ilkin mərhələdə müqavilənin son versiyasının ərsəyə gətirilməsi, əlbəttə, mümkün deyildir. İlk olaraq, “müqavilə layihəsi” tərtib edilməli (hazırlanmalı) və buraya daxil edilmiş hər bir müddəa tərəflər arasında müzakirə edilməlidir. Müqavilə layihəsini hazırlayarkən müqavilənin predmeti, tərəflərin hüquq və öhdəlikləri, hesablaşma qaydaları, müqavilənin müddəti, mübahisələrin həlli və s. kimi müxtəlif aspektləri nəzərə almaq lazımdır.

I. Müqavilənin Əsas Elementləri

Müqavilələri biznesinizi idarə edən bir mühərrikə bənzədə bilərik. Bununla da, əgər müqavilə də mühərrik kimidirsə, bu zaman o, öz işini yerinə yetirməsinə imkan verən müxtəlif hissə və komponentlərdən ibarət olmalıdır. Burada belə bir sual meydana gəlir: mühərrikin əsas elementləri blok, porşenlər, krank mili, eksantrik mili və silindr başlığıdırsa, bəs müqavilənin başlıca elementləri hansılardır?

Milli qanunvericilikdə bu elementləri müəyyən edən vahid bir qayda olmasa da, beynəlxalq praktikaya əsaslanaraq aşağıdakı nəticəyə gələ bilərik:

Hər bir müqavilənin əsas elementləri aşağıdakı kimidir:

  1. Müqavilənin qanunauyğunluğu;
  2. Tərəflərin fəaliyyət qabiliyyətli olması;
  3. Müqavilənin dəqiqliyi;
  4. Oferta;
  5. Aksept;
  6. Tərəflərin niyyəti.

Sadalanan hər bir elementin ayrı-ayrılıqda izah edilməsi məqsədəmüvafiqdir.

A. Müqavilənin qanunauyğunluğu

Qeyd etdik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər”. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Normanın mənasından da göründüyü kimi, tərəflər qanunvericiliyə zidd olmamaq şərti ilə, sərbəst şəkildə və iradələrinə uyğun müqavilələr bağlaya bilərlər.

Müqavilənizin predmetindən, yəni nə ilə bağlı olmasından asılı olmayaraq, o, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində olmalıdır. Əks halda, həmin müqavilə etibarsız sayılaraq qismən və ya tamamilə icra oluna bilməz.

Bilirik ki, hər bir dövlətin öz fərqli qanun və tənzimləmə mexanizmləri var, bu isə öz növbəsində, müqavilələrin tərtibinə (hazırlanmasına), habelə necə icra olunacağına da təsir göstərir. Məsələn, bəzi ölkələrin qanunvericiliyində elektron imzaya icazə verilsə də, digərlərində icazə verilmir. Bu xüsusda, müqavilə rəqəmsal imzaya icazə verən bir ölkədə imzalanırsa, hər iki tərəf rəqəmsal imza ata bilər. Lakin qanunvericilik kağız sənəddə əlyazma imzaları tələb edirsə, bu zaman müqavilə fiziki şəkildə, kağız sənəddə əl ilə imzalanmalıdır.

B. Tərəflərin fəaliyyət qabiliyyəti

Sadə şəkildə ifadə etsək, tərəflərin fəaliyyət qabiliyyəti onların “müqavilə bağlaya bilmək qabiliyyəti”-dir. Şəxsin fəaliyyət qabiliyyəti, adətən, onun yaşı, əqli imkanları, şüuru və s. ilə bağlı olur. Əksər hallarda müqavilə bağlayan tərəflərin yaşı 18-dən yuxarı olmalıdır. Azərbaycan Respublikasında da yetkinlik yaşı 18 yaş olaraq müəyyən edilmişdir.

Bundan əlavə, bütün hallarda müqavilə tərəfləri onu imzalaya bilmək üçün əqli cəhətdən uyğun hesab edilməlidir. Bu, imzalama zamanı spirtli içkilərin və ya digər narkotik maddələrin təsiri altında olmamaqla bağlıdır. Həmçinin qeyd etmək lazımdır ki, şəxsi müqavilənin imzalanmasına sövq etmək üçün ona qarşı hər hansı bir məcburiyyət və təzyiqdən istifadə edilə bilməz.

Digər tərəfdən, müqavilələrin şirkətlər adından fiziki şəxslər tərəfindən imzalanması halında, imzalayan şəxslərin bu səlahiyyətə malik olması olduqca vacibdir. Şəxslərin bu səlahiyyəti isə şirkət tərəfindən onlara verilmiş etibarnamələrdə öz əksini tapır.

C. Müqavilənin dəqiqliyi

Dəqiqlik dedikdə, ilk olaraq, müqavilənin əsas (və əlavə) şərtlərinin, o cümlədən tərəflər aydın şəkildə göstərilməsi nəzərdə tutulur. Bu şərtlər müqavilənin əsasını təşkil edir və onlar nə qədər aydın və dəqiq müəyyən olunarsa, müqavilənin təsadüfən pozulması ehtimalı da bir o qədər az olar.

Dəqiqliyi artırmaq üçün müqavilənin müvafiq müddəalarına hər bir tərəfin digər tərəfə təqdim etdiyi mal və ya xidmətlərin təsviri daxil edilə bilər. Həmçinin qeyd etmək lazımdır ki, müqaviləyə fiziki şəxsin doğum tarixi, vergi identifikasiya nömrəsi və ya pasport nömrəsi kimi əlavə identikləşdirici təfərrüatları daxil etməklə, onun dəqiqliyini artırmaq olar.

D. Oferta və aksept

Müqavilə bir şəxsin nəyisə istəməsi və həmin istəyi yerinə yetirə biləcək şəxs və yaxud şirkətlərin olması ilə başlayır. Belə ki, hər bir müqavilənin ayrılmaz elementlərindən biri də məhz oferta və akseptdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində oferta “müqavilə bağlanması haqqında təklif” olaraq müəyyən edilmişdir.  Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Qeyd edilməlidir ki, oferta və aksept müqavilənin bağlanma anını müəyyən edən komponentlərdir. Belə ki, Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Bundan əlavə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Burada tələb olunan forma dedikdə, aydındır ki, müqavilə forması nəzərdə tutulur. Belə ki, tərəflər öz iradələri əsasında müqavilə forması ilə bağlı razılığa gələ bilərlər. Buna baxmayaraq, bəzi hallarda qanunvericiliklə müvafiq növ müqavilənin üçün müəyyən forma nəzərdə tutula bilər ki, tərəflər bu tələbə əməl etməyə borcludurlar. Məsələn, Mülki Məcəllədə göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

E. Tərəflərin niyyəti

“Qarşılıqlılıq” olaraq da bilinən niyyət sadə şəkildə ifadə etsək, bütün tərəflərin birlikdə iş görmək istəməsi deməkdir. Müqavilənin hüquqi qüvvəyə malik olması üçün bütün tərəflərin razılıq verməsi gərəklidir. Niyyəti sübut etməyin ən asan yolu isə müqavilənin yazılı formada bağlanmasıdır.

II. Müqavilə tərtib edərkən (hazırlayarkən) diqqətə alınmalı nüanslar

İlk olaraq, müqaviləni tərtib edən (hazırlayan) şəxs müqavilənin bağlanma məqsədi barədə məlumatlı olmalıdır. Yəni burada müqavilənin predmetinin və obyektinin nə olduğunu tam şəkildə başa düşmək, eləcə də yazıda onu aydın və dəqiq ifadə etmək lazımdır.

Bundan başqa, müqaviləyə tərəflərin bir-birinə münasibətdə malik olduqları hüquq və öhdəliklər, o cümlədən bu öhdəliklərin yerinə yetirilməməsi zamanı tərəflərin məsuliyyətinə dair müddəalar da daxil edilməlidir. Bilirik ki, tərəflərin hər biri müəyyən bir məqsədi yerinə yetirmək üçün oradadır və bu məqsəd və rol müqaviləni tərtib edərkən (hazırlayarkən) aydın şəkildə göstərilməlidir.

Növbəti olaraq, müqavilənin həyata keçirilməsinin məqsədəuyğunluğu nəzərə alınmalıdır. Bu baxımdan müqavilənin mümkünlüyünü müəyyən etmək üçün aşağıdakı sualları cavablandıra bilərsiniz:

  1. müqavilədə göstərilən şərtlər icra edilə bilərmi?
  2. müqavilə tərəfləri öz hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdirmi? (burada həm şəxslərin fəaliyyət qabiliyyəti, habelə maddi, icra üçün lazım olan vəsaitlərin mövcudluğu və s. məsələlər nəzərə alınmalıdır);
  3. müqavilənin müddəti ərzində hansı tərəf/tərəflər daha çox qazanır və hansı öz üzərinə daha çox öhdəlik götürür.

 Digər tərəfdən, şəxslərin müqavilədən irəli gələ biləcək problemləri və yaxud mübahisələri proqnozlaşdırmaq imkanları olmalıdır. Müqaviləni tərtib edən şəxs bu zaman hansı şərt və müddəaların gələcəkdə tərəflər arasında mübahisələrə səbəb ola biləcəyini aydınlaşdırmalı və onlara müvafiq uyğunlaşdırmalar etməlidir. Bundan əlavə qeyd edilməlidir ki, müqaviləni nəzərdən keçirərkən ondakı boşluqları da müəyyən etmək və onları aradan qaldırmaq lazımdır.

Son olaraq, müqaviləni tərtib edən zaman məxfilik ilə əlaqədar məsələlərə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, əgər müqaviləyə kommersiya sirləri və ya digər məxfi məlumatlar daxil edilmişdirsə, o zaman əsas müqavilədən savayı tərəflər arasında məxfilik müqaviləsinin imzalanması tövsiyə edilir. Kommersiya sirri dedikdə hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülür. Bu baxımdan, tərəflər arasında belə bir razılaşmanın olması onların məxfi məlumatlarının təhlükəsizliyini təmin edəcəkdir.

III. Müqavilə hüququna dair məsələlərlə hüquqşünaslara müraciət etməyin önəmi

Yuxarıda da qeyd etdiyimiz kimi, müqavilə tərəflər arasında qanunla icra oluna bilən öhdəlikləri müəyyən edir. Bu xüsusda, həmin sahə üzrə peşəkar şəxslərə, yəni hüquqşünaslara müraciət etmək bağladığınız hər hansı müqavilələrin düzgün şəkildə icra olunmasını təmin etməkdə sizə yardımçı olmaqla yanaşı, maraqlarınızın qorunmasında da mühüm rol oynayacaq. Hüquqşünas müqavilənizi bir neçə aspektdən: qanunauyğunluq, dəqiqlik, anlaşıqlılıq, potensial risklər və s. dəyərləndirəcəkdir.

Bildiyimiz kimi, hüquq olduqca dinamik sahədir. Belə ki, qanunlar və sənaye qaydaları hər daim dəyişir. Bu tendensiyaları izləmək isə kifayət qədər vaxtaparan və çətin bir işdir. Buna görə də müqavilənizin cari tələblərə uyğunluğunun müəyyən edilməsi baxımından peşəkar şəxslərə müraciət etmək mühüm əhəmiyyət kəsb edir.

Hüquqşünaslar həmçinin düzgün və qanunauyğun şəkildə müqavilə tərtib etmək, habelə müqavilədəki boşluqları müəyyənləşdirməklə, biznesinizin potensial risk və təhlükələrdən qorunmasını təmin edə bilərlər. Bundan başqa, onlar sizin bir müştəri kimi ən yaxşı maraqlarınızın təmin edilməsi məqsədilə müqaviləyə ən əlverişli şərtləri daxil edəcəkdirlər.

Son olaraq, müqavilənin pozulması halları ilə qarşılaşdığınız zaman, yenə də hüquqşünaslara müraciət edərək qanuni maraqlarınızın effektiv şəkildə müdafiəsinə nail ola bilərsiniz.

ACON komandası olaraq müştərilərimizə müqavilələrin hazırlanması, onların hüquqi ekspertizasının həyata keçirilməsi, hüquqi rəylərin verilməsi, habelə müqavilədən irəli gələn mübahisələrlə bağlı təmsilçilik xidmətləri göstərməkdən məmnunluq duyarıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.