Müvəqqəti yaşamaq üçün icazə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti əsaslarla yaşamaq hüququ verən icazədir. Bu icazə müvafiq qərarla rəsmiləşdirilməklə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə onun Azərbaycan Respublikasının ərazisində Müvəqqəti yaşamaq üçün icazə hüququnu təsdiq edən vəsiqə təqdim edilir.
Hər bir dövlət özünün qanunvericilik aktları ilə Müvəqqəti Yaşamaq üçün İcazələrin verilməsi ilə bağlı müəyyən hüquqi tələblər irəli sürür. Dövlətlərin iqtisadi inkişaf səviyyəsindən, immiqrasiya siyasətindən asılı olaraq bu tələblər müxtəlif ola bilər. Azərbaycan Respublikasının Qanunvericiliyi də öz növbəsində Azərbaycan Respublikasının ərazisində Müvəqqəti yaşamaq üçün icazələrin verilməsinə dair hüquqi tələblərin konkret dairəsini müəyyənləşdirmişdir. Deyə bilərik ki, ölkəmizə qanuni əsaslarla immiqrasiya etmək istəyən əcnəbilər üçün bu tələblər özünün adekvatlığı ilə seçilir.
Bəs hansı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla Müvəqqəti Yaşamaq üçün İcazə əldə edə bilərlər?
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə əsasən aşağıda qeyd olunmuş əsaslardan biri üzrə Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınmasına yol verilir:
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan şirkətin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Xarici şirkətin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
- Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda.
Yuxarıda qeyd olunan əsaslardan hərhansı birinin olması əcnəbilərə (vətəndaşlığı olmayan şəxslərə) Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə verilməsi üçün əsasdır.
İsrarla tövsiyə edirik ki, Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınması prosesində müvafiq təhsilə və təcrübəyə malik olmayan qeyri-peşəkarlara üz tutmayasınız. Təcrübəmiz göstərir ki, bir çox hallarda əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) vəsaitlərinə qənaət etmək məqsədilə qeyri-peşəkarlara üz tuturlar ki, bu da bəzi hallarda onları gözlənilməz nəticələrlə üz-üzə qoyur.
Müvəqqəti Yaşamaq üçün İcazələrin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi və onun ləğvi üçün hüquqi əsaslar:
Bir çox hallarda biz şahidi oluruq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir və hətta verilmiş Müvəqqəti Yaşamaq üçün İcazələr ləğv olunur.
Bəs hansı hallarda Müvəqqəti Yaşamaq üçün İcazələrin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir və ya Müvəqqəti Yaşamaq üçün İcazələr ləğv olunur? Bu kimi hallarla qarşılaşmamaq üçün nə etməli?
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsi konkret olaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ləğvi üçün hüquqi əsasların dairəsini özündə əks etdirir:
- Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
- Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
- Pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda;
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
- Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
- Miqrasiya Məcəlləsinin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
- 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda;
- Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
- Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
- Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.
Yuxarıda qeyd olunmuş əsaslardan birinin olması əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi və onların mövcud icazələrinin ləğv edilməsi üçün əsasdır.
Təcrübəmizə əsaslanaraq tövsiyə edərdik ki, sizə lazım olan xidmətlərlə bağlı ancaq peşəkarlara üz tutasınız. Biz öz xidmətlərimizi sizlərə təklif edirik. Təcrübəli vəkillərimiz Müvəqqəti Yaşamaq üçün İcazələrin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi və mövcud icazələrin ləğv edilməsi qərarlarından inzibati və məhkəmə qaydasında şikayət etməklə pozulan hüquqlarınızın bərpası üçün ən optimal həll yollarını sizə təqdim edəcəkdir. Biz öz təcrübəmizdə dəfələrlə qeyri-peşəkar şəxslərə üz tutaraq nəticə əldə etməmiş şəxslər üçün xidmətlər təqdim etməklə onlara kömək olmuşuq. Bizə müraciət etməklə siz həm vaxtınıza qənaət edəcək, həm də hüquqi riskləri uzaqlaşdırmaqla gözlənilən nəticə əldə edəcəksiniz.